“Galeri Baraz”ın sahibi: “ABŞ və Türkiyədə sənətə olan münasibəti müqayisə etsək bizim mağarada yaşadığımız aydın olur”

18:53 | 14 Yanvar, 2019

Türkiyədə “Galeri Baraz”ın sahibi, 1965-ci ildən dünyanın müxtəlif yerlərində sərgilər açan, kitab və jurnallar çıxaran Yahşi Barazın “Report”un bu ölkədəki bürosuna müsahibəsi.

– Əlibəy Hüseynzadənin oğlu Səlim Turanı Parisdən Türkiyəyə sizin gətirdiyinizi bilirik. 30 ildən bəri onun əsərləri diqqət mərkəzindədir. Turanın əsərlərinin dəyəri gözlədiyiniz səviyyəyə yüksəldimi?

– Mən Səlim Turanı 1985-ci ildə Türkiyəyə gətirdim. O, 1946-ci ildə Parisə köçərək Fikrət Mualla, Abidin Dino, Avnı Arbaş, Haqqı Anlı dana sonra Nejat Devrim, Mübin Orhon kimi sənətkarların olduğu mühitdə yaşayıb. 1949-50-ci illərdən başlayaraq abstrakt sənətlə məşğul olub. Səlim Turan Avropada yaşayan Türk rəssamları arasında intellektual səviyyəsi ən yüksək olan adam idi. Heç vaxt özünü ön plana çıxarmayıb. Çox yaxın dostluğumuz olduğuna görə,onun şəxsiyyətinə yaxşı bələd idim. Sual verəndə sizə çox fərqli cavab verə bilərdi ancaq sakit təbiəti vardı. Parisdə yaratdığı tabloların çoxundan Türkiyənin sənət ictimaiyyəti xəbərdar deyil. Gələcəkdə böyük bir retroskeptiv sərgisi açılsa, onun sənətinin dəyəri daha yaxşı başa düşüləcək. Səlim Turan usta sənətkar Hans Hartungun assistenti olub. Bu, çox mühüm işdir. Çünki məşhur sənətkarlar yanlarında assistentlər işlədərlər, onlar isə gələcəkdə öz tərcümeyi-hallarına o məşhur sənətkarın yanında çalışdıqlarını yazarlar. Səlim Turan onu da yazmayıb. O dövrdə Türkiyədən gedən sənətkarların heç biri Parisin sənət mühitinə daxil ola bilməyib. Hamısı yaradıcılıqlarını Türkiyəyə bağlı şəkildə davam etdiriblər. Hətta Fikrət Mualla kimi bir rəssam qalereyalarla əlaqə yarada bilməyib, muzeylərə əsər satmayıb, varlı kolleksiyaçılar onunla maraqlanmayıb. Necə ola bilər Parisdə yaşayırlar ancaq əsərləri Türkiyədə satılır? Mən onların hamısının emalatxanalarını bir-bir gəzmişəm, şəkillərini çəkmişəm. Bu sözləri onları kiçiltmək mənaısnda demirəm. Hamısı 40-50 metrlik emalatxanalarda işləyirdi, tablolarını saxlamaq üçün ambarları yox idi, 75-80 yaşına gəlmələrinə baxmayaraq, bir çoxu tablo sata bilməmişdi. Mən 1985-90-cı illərdən bəhs edirəm. O vaxt Türkiyədə tablo satmaq üçün şərait də yox idi. Ona görə o dövrün rəssamları “itmiş nəsil”dir. Onlardan əvvəlkilər də maddi cəhətdən qazanc əldə edə bilməmiş, haqq etdikləri hörməti görə bilməmişdilər. Deyəcəksiniz ki, bu gün vəziyyət necədir? Bu cəmiyyət rəssamları qəbul etmir. Bunu necə sındıra bilərik? Varlılarımız tablo alacaq, dövlət dəstək verəcək, əcnəbi kolleksiyaçılar gələcək? Yəni, bir sıçrayış lazımdır. Səlim Turan həm yaxşı rəssam idi həm də onun şəxsiyyətinə qiymət verən bir çox kolleksiyaçı Turanın tablolarını aldı. Araşdıranda görəcəksiniz, Səlim Turanın 1950-70-ci illər arasındakı tabloları qiymətlidir. Ondan sonrakı əsərləri çox da dəyərli deyil.

– Sənət baxımından yoxsa…?

– Sənət baxımından.

Niyə? Başladığı kimi davam edə bilmədi, öz cizgisini qoruya bilmədi yoxsa özünü inkişaf etdirmədi?

– Dünya miqyasında tanınan rəssamlara da baxsanız, hər birinin həyat və yaradıcılığında müəyyən dövrün dəyərli olduğunu görəcəksiniz. Məsələn, John Bergelin dediyinə görə, Picasso 1907-1915-ci illər arasında çox dəyərli əsərlər yaradıb.Sonra isə özünü təkrarlayıb. Səlim Turan da 1950-60-cı illərdə çox qiymətli əsərlər yaradıb, sonra özünü təkrarlayıb. Rəssam məşhur olur, bir də görürsünüz ki, 1970-ci ildə çəkdiyi tabloları 2010-cu ildə də eynilə çəkib. Halbuki rəssamın yaradıcılığında müəyyən mərhələlər olması lazımdır. Sənətkar öz- özüylə mübarizə aparmağı bacarmalıdır. Bunu bacarmayan rəssamın əsərləri sənət qəbristanına gedər. Kolleksiyaçılar o əsərləri nəinki almazlar,o rəssama da heç vaxt maraq göstərməzlər.

– Bu, haradan irəli gəlir? Öz həyata baxışları və fəlsəfələri olmur,özlərini inkişaf etdirmək istəmirlər?

– Müxtəlif səbəblər var. Kolleksiyaçılar rəssamların yaradıcılıqlarının ən yaxşı mərhələsində çəkdikləri əsərləri alırlar. Hazırda hərraclarda Səlim Turanın tablolarına diqqət artır, əsərlərinin qiyməti yüksəlir.

– Mühüm nöqtəyə toxundunuz. 2017-ci ilin iyununda Sabancı muzeyi Səlim Turanın sərgisini açmışdı. Sizi qane etmişdimi?

– Sərgi üçün Səlim Turanın kitabı çap edildi. Mən qənaətbəxş hesab etmədim. O sərgini hazırlayanlar Səlim Turanı tanımırdılar,ikinci əldən gələn məlumatlarla hazırlanmış sərgi idi. Kitabı oxuyanda görürsünüz. Sizin fikrinizi bilmirəm.

– Mənə də elə gəlmişdi. SəlimTuranı yaxından tanıyan insanlarla məsləhətləşmək lazım idi…

– Proqramı doldurmaq üçün açılmış sərgi idi. Sanki sifarişlə açılmışdı. Sərginin faydası oldu: kitab çap edildi,xeyli tamaşaçı Səlim Turan və Feyhaman Duranın əsərlərini gördü.

– İllərdən bəri Səlim Turanla Parisdə yaxın dost olan Türk rəssamlarıyla onun barəsində danışanda həmişə diqqəti sizin zəhmətinizə cəlb ediblər. Səlim Turanın böyük retrospektiv sərgisini sizin açmağınız daha məntiqli olmazmı?

– Mən əvvəllər çox sərgi açmışam, hamısını da öz imkanlarımla. Satdığım əsərlərin hamısı ciddi kolleksiyalarda mühafizə edilir. İndi belə böyük sərgi açmaq- güclü maddi dəstək tələb edir. Səlim Turanın retrospektiv sərgisi üçün 100-250 min dollar pul lazımdır.

– Mədəniyyət nazirliyi və ya banklar dəstək verməzmi?

– Hər hansı böyük vəqf və ya bank dəstək versə, təbii ki, bu barədə düşünə bilərəm.

– Bu işlərin duayeni kimi,hal-hazırkı mühitdən razı olmadığınızı görürəm. Türkiyədə sənət haraya doğru gedir? Sənət mühitinə dinamizm qazandırmaq üçün nələr edilməlidir?

– Mən dünyanın hər yerini gəzmişəm. Türkiyədə vəziyyət çətindir. Əslndə tablo çəkmək-xristian mədəniyyətinin tərkib hissəsidir. Türkiyədə kilim, xalça, xətt sənəti, keramika inkişaf edib. Biz rəsm əsərləriylə əlaqəsi olmayan bir toplumuq. Əslində rəsm uzun müddət qadağan olub. Xatırlayıram Hikmət Onatın, Xəlil Paşanın Parisdə çəkdiyi çılpaq qadın tabloları vardı. Qorxudan heç birinə imza qoymamışdlıar. O dövrdə belə cəmiyyətdən gələn təzyiq varmış. Türkiyə o mərhələni keçdi.İndi necə olacaq? Toplum tərəfindən dəstək görməyən heç bir sənət növü inkişaf edə bilməz. Rəsm əsərləri bu gün toplumda dəstək görmür. Məsələn, Yücəl Dönməzin tablosu İstanbulda 10 min Türk lirəsinə satılır, Kastamonuda 100 Türk lirəsi verən də olmaz. Təkcə Yücəl üçün yox, İbrahim Çallı üçün də vəziyyət eynidir. İstanbuldakı, Ankaradakı bir neçə kolleksiyaçının zövqünə görə bu işi necə inkişaf etdirək? Xaricə çıxa bilməmişik,xaricə gedən bir çox sənətkar oradakı atmosferə daxil ola bilmir. Məsələn, yazırlar ki, filan sənətkar Londonda sərgi açdı? Hansı qalareyada açdı? Dünyada 1000-lərlə qalareya var. Ancaq 7-8 qalareyanın siyahısına düşəndən sonra sizi adam yerinə qoyurlar. 2500 dollar verib hər yerdə sərgi açaram, medianı da təyyarə ilə aparıb gözəl xəbərlər yazdıraram. Ancaq davamı gəlməz. Muzeylərə tablo verə bilmək lazımdır. Dünyada 400 multimilyarder kolleksiyaçı var-onlara tablo sata bilmək lazımdır. Mühüm nəşriyyatlar sizin kitabınızı çap etməlidir. Həm də bu işi sizə onlar təklif etməlidir. Yoxsa öz pulunuzla kitab çap etdirməyin heç bir mənası yoxdur. Çünki o kitab lazımi yerlərə göndərilməsə, orada qalmağa məhkumdur. Ancaq ciddi nəşriyyatlar çap edəndə onlar özləri bütün dünyadakı muzeylərə, qalareyalara, kolleksiyaçılara göndərirlər. Oradan da sənətkar kimi sizə diqqət yaranır. Təəssüf ki, Türkiyədə bu sistemi yarada bilməmişik. Ancaq bu, o demək deyil ki, bundan sonra da yarada bilməyəcəyik. Türkiyə adam başına düşən milli gəlirini 40-50 min dollara yüksəltsə, Avropa və Amerika ilə daha yaxın münasibətlər qura bilsə, vəziyyət dəyişə bilər. Biz XİX-XX əsrləri tamamilə itirmiş toplumuq, bizdə nə Picasso nə Chagall, nə Miro kolleksiyası var. İsveçə gedin, 9 milyon insanın, demək olar ki, hamısının evində kolleksiya var. Onlar bu işlərə milyon dollarlarla pul xərcləyiblər. Məndə kataloqlar var, heyrətə düşürəm. Türkiyədə iqtisadi inkişaf olsa, bu işlərin də inkişaf edəcəyinə inanıram.

– Türkiyədə burjuaziyanın öz sənət kolleksiyalarını yaratmasında məsləhətçi kimi sizin mühüm rolunuz olub. O kolleksiyaçılar indi də tablo alırlar? Məsələn, 2009-cu ilin noyabrında Burhan Doğançayın “Mavi simfoniya” adlı tablosuna 1,5 milyon dollar verən Ülker holdinqin sahibinin xaricə köçdüyü deyilir. O “məhəllədə” nə xəbərlər var?

– Sənət kolleksiyaçılarının hamısıyla əməkdaşlıq etmişəm. Mənim satdığım tabloların qiymətləri 100 dəfə artıb. Məsələn,Neşet Günaldan 800 dollara aldığım tabloların qiyməti qiyməti 1 milyon dollara yüksəlib. Mən tabloların hamısını diqqətlə seçərək aldığıma görə, kolleksiyaçılarda olan əsərlərin dəyəri inanılmaz dərəcədə artdı. Gələcəkdəki 20-30 ildə sənət sahəsində bəzi sıxıntılar olacaq ancaq daha sonra biz sıçrayışlar edə biləcəyik. Mən ABŞ-ın müxtəlif əyalətlərində yaşamışam. Orada sənətə olan münasibəti özümüzlə müqayisə edəndə mənə elə gəlir ki, biz mağara dövründə yaşayırıq. Biz “Türk özel resim koleksiyonculuğu” adlı kitab çıxardıq. Gördünüzmü?

– Məndə var, 3 yazı yazdım.

– O kitabı vərəqlədikcə görürük ki, hamı eyni rəssamların tablolarını alıb. Təkcə Erol Akyavaş və Burhan Doğançayın tablolarını alaraq kolleksiyaçı olmaq mümkün deyil. Kolleksiyalarda müxtəlif dövrlərin və rəssamların əsərləri olmalıdır. Türkiyədə isə son 10 ildə hərraclarda kimlərin əsərləri olubsa,bir çox kolleksiyaçı onların əsərlərini alıb. Belə kolleksiyaçılıq olmaz.

Mais Əlizadə