Polşada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum keçirilib

19:44 | 14 Yanvar, 2019

Oktyabrın 15-də Polşanın paytaxtı Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. Polşa Azərbaycanlıları Birliyinin üzvləri, Polşadakı Azərbaycan diasporasının nümayəndələri və polyak gənclər əvvəlcə Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri general leytenant Maçey Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Azərbaycan-Polşa münasibətlərinin rəmzinə çevrilən bu abidə önündə çıxış edən gənclər Polşa cəmiyyətinə sülh və dostluq mesajları verib, iki ölkə gənclərinin bundan sonra da birgə fəaliyyətinin vacibliyini qeyd ediblər.

Daha sonra Polşanın nüfuzlu universitetlərindən birində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Polşa münasibətləri, tarixi, mədəni və strateji tərəfdaşlıq əlaqələrində iki ölkə gənclərinin rolu” mövzusunda forum öz işini davam etdirib. Polşa Azərbaycanlılar Birliyi tərəfindən təşkil olunan forumda Polşada və ətraf ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclər, Azərbaycan diasporasının üzvləri, habelə Polşa ictimaiyyətinin nümayəndələri və polyak gənclər iştirak ediblər.

Əvvəlcə Polşa və Azərbaycanın dövlət himnləri səsləndirilib. Forumu giriş sözü ilə açan Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov iki ölkə gənclərinin qarşılıqlı münasibətləri barədə danışıb və Polşada Azərbaycan diasporasının daha da güclənməsi istiqamətində həyata keçirilən işlərdən söz açıb. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ingilis dillində qısa film nümayiş etdirilib.

Forum öz işini müxtəlif panellərdə davam etdirilib. Panellərin əsas mövzusu “Azərbaycan Xalq Cümhuriyyəti 100 yaşında”, “Xaricdə təhsil və diaspora fəaliyyəti”, “Polşa cəmiyyətinə inteqrasiyanın əsas məqsəd və prinsipləri”, “Qarabağ münaqişəsində Azərbaycanın haqq səsinin effektiv təbliği” və “Polşada təhsil: qayğılar və perspektivlər” məsələləri ilə bağlı olub.

Forumda Polşa Elmlər Akademiyasının üzvü, professor Pavel Oljevski, Polşanın ən böyük qeyri-hökumət təşkilatı olan “MİSO” təşkilatının sədri Mateur Komorovski, Polşa Azərbaycan Əməkdaşlıq Assosiasiyasının rəhbəri David Setzuda, Polşa Azərbaycan Evinin rəhbəri Sabrina Kovalçik, Azərbaycanın Varşavadakı səfirliyinin məsul əməkdaşları və Ukrayna, Rumıniya, Latviya və Litvadan gəlmiş qonaqlar iştirak edirdi.

Forumda çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamdan sonra həm Azərbaycanda, həm də dünyanın hər yerində “Cümhuriyyət İli” münasibətilə keçirilən silsilə tədbirlər barədə məlumat verib və bu tədbirlərin ilin sonuna qədər davam edəcəyini deyib. Xalq Cümhuriyyətinin tarixində Polşa və polyak xalqının da mühüm yer tutduğunu bildirən hüquq müdafiəçisi Azərbaycanda mindən artıq polyakların yaşadığını, onların hələ I Dünya Mühribəsi zamanı alman fazişmindən qurtularaq, Azərbaycana gəldiklərini və sonradan hər iki ölkənin tarixində silinməz izlər saldıqlarını gənclərin diqqətinə çatdırıb. Mstislav Rastropoviç, Suleyman bəy Sulkeviç, Mixail Abramoviç, İosif Qoslavski, Aleksandr Makovelski və digər Azərbaycanlı polyakların iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin rəmzinə çevrildiyini deyən Əhməd Şahidov Polşa və Azərbaycanın bugün də strateji tərəfdaş olduğunu və iki ölkə arasında həyatın müxtəlif sahələrində mühüm əlaqələrin mövcud olduğunu bildirib. Daha sonra Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi barədə danışan hüquq müdafiəçisi xaricdə yaşayan azərbaycanlıların, xüsusən də gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü, Azərbaycan diasporasının dünyanın bütün nöqtələrində Azərbaycanın milli maraqları naminə bundan sonra da mübarizə aparmalı olduğunu diqqətə çatdırıb.

Forumun sonunda Polşada yaşayan və təhsil alan azərbaycanlı gəncləri maraqlandıran suallara cavablar verilib və yaxın gələcək üçün fəaliyyət perspektivləri müzakirə olunub.