İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının Bəyanatı ( 09 Feb 2009 saat 14:10:17 )
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Azərbaycan Respublikası Dövlət Neft Fondu üzrə büdcə prosesinin gedişində qanunvericilkdən kənaraçıxma hallarının baş verməsindən dərin narahatlığını bildirir. Belə ki, ARDNF-nin 2009-cu il üzrə gəlir və xərclərini əhatə edən büdcəsinin Prezident tərəfindən təsdiq olunması ləngiyir. Artıq 2009-cu ilin fevralıdır və ARDNF-dən verilən məlumatdan aydın olur ki, 2009-cu il üzrə Fondun büdcəsi Müşahidə Şurasına təqdim olunub. Lakin Müşahidə Şurasından büdcənin təsdiq edilməsi üçün Prezidentə təqim olunub-olunmadığı açıqlanmır. Bu, faktiki olaraq, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası QAYDALARI”nın 1.2, 3.3.3, 4.1, 4.3, 4.4, 4.6-cı bəndlərinin tələblərinin pozulmasıdır. Qeyd edək ki, ARDNF-nin büdcə prosesi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası QAYDALARI” ilə tənzimlənir. Həmin Qaydalara görə, ARDNF-nin illik büdcəsi hər il sentyabr ayının 5-dən gec olmayaraq Müşahidə Şurasına təqdim olunmalı (4.1-ci bənd), Müşahidə Şurasından isə dövlət büdcəsinin layihəsi ilə birgə baxılması üçün (4.3-cü bənd) Azərbaycan Respublikasının Prezidentinə göndərilməlidir. Prezident tərəfindən ARDNF büdcəsinin təsdiqlənməsinin son müddəti olaraqsa Qaydalarda dekabr ayının 31-i (4.4-cü bənd) müəyyənləşdirilib. Təsdiq olunmuş büdcə dərhal mətbuatda dərc olunmalıdır (4.6-cı bənd). Eyni zamanda Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununa görə də ARDNF-nin büdcəsi digər qeyri-büdcə fondları kimi, dövlət büdcəsi ilə eyni vaxtda təsdiqlənməlidir. Narahatlıq yaradan mühüm bir məqam budur ki, ARDNF büdcəsinin tərtibi və icrası prosesində qanunvericilikdə nəzərdə tutulan müddətlərlə bağlı pozuntulara yol verilməsi halı birinci dəfə baş vermir. Belə ki, Fondun 2007-ci il büdcəsi 2006-cı il dekabr ayının 26-da Prezident tərəfindən təsdiqlənsə də, bu barədə müvafiq fərman, qanunvericiliyin tələblərinin ziddinə olaraq, dərhal mətbuatda dərc olunmayıb. Fərman və büdcə barədə məlumat ARDNF-nin İnternet saytında (www.oilfund.az) 2007-ci il yanvar ayının 8-də yerləşdirilib, rəsmi mətbuatda isə yalnız 2007-ci il yanvarın 31-də dərc edilib (“Azərbaycan” və “Xalq Qəzeti”nin 31 yanvar 2007-ci il tarixli saylarında). İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası bütün yuxarıda qeyd olunanları nəzərə alaraq və ARDNF büdcəsinin tərtibi və təsdiqlənməsi üzrə prosedurlara əməl olunmamasının yolverilməz olduğunu qeyd edərək, bunu Azərbaycanın hasilat sənayesindən əldə etdiyi gəlirlərin istifadəsində şəffaflıq prinsipinin təmin olunmaması faktı kimi qiymətləndirir. Eyni zamanda bildiririk ki, bu, ölkənin neft gəlirlərinin toplandığı strateji əhəmiyyətli bir qurumun qanunla idarə olunmaması və onun üzərində sərəncam vermək hüququnun bir əldə cəmləşməsi, Fondun fəaliyyətinə ictimai nəzarət imkanının olmamasının mənfi nəticəsidir.
Bu xəbər 4500 dəfə oxunub. |