Türkiyədə Sosial Elmlər Litseyinə Bəxtiyar Vahabzadənin adı verilib ( 16 Feb 2009 saat 10:40:13 )

Türkiyənin Adana şəhərində açılan Sosial Elmlər Litseyinə Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin adı verilib. PRESSPOST Türkiyənin "Zaman" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Hüseyn çelik məlumat verib. Türkiyə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentindən verilən açıqlamaya görə, Hüseyn çelik, şairin vəfatı ilə əlaqədər yaydığı bəyanatında Bəxtiyar Vahabzadənin Türk dünyasının ən böyük şairlərindən biri olduğunu bildirib: ''Başda Azərbaycanlı dostlarımız olmaqla, Türk dünyasına, ailəsinə və sevdiklərinə başsağlığı verirəm. Mərhuma Allahdan rəhmət diləyirəm. Mərhum B.Vahabzadənin əziz xatirəsini yaşatmaq üçün Adanada açdığımız və 2009-2010 təhsil ilindən etibarən fəaliyyətə başlayacaq Sosial Elmlər Litseyinə, Bəxtiyar Vahabzadənin adını verdiyimizi bütün ictimaiyyətə bəyan edirəm''. Xatırladaq ki, 84 yaşlı Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra 84 yaşında Bakıda öz evində dünyasını dəyişib. Şairlə vida mərasimi dərs dediyi Bakı Dövlət Universitetində keçirilib. Xalq şairi Birinci Fəxri Xiyabanda dəfn edilib
Bu xəbər 1310 dəfə oxunub. |