Keşikçidağ mağaralar kompleksində tədqiqat aparılır ( 17 Feb 2009 saat 10:15:58 )
Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Keşikçidağ Dövlət Taix-Mədəniyyət Qoruğu tədqiqatçıların ixtiyarına verilib. Burada 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Ağstafa şəhərindən 75 kilometr aralıda yerləşən qoruqdakı abidələr uzun müddət tədqiqata cəlb edilməyib. Dəniz səviyyəsindən 850 metr hündürlükdə, Gürcüstanla sərhəddə yerləşən bu abidələr kompleksində qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlayıb. Məlum olub ki, orta əsrlərə aid qədim alban yaşayış məskəni Keşikçidağ müdafiə məqsədi ilə tikilib. Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanıb. XIX əsrdə buradan hərbi poliqon kimi istifadə edildiyindən, qapalı yer olub. Ərazidə təmir və bərpa işləri aparılacaq. Mağaraların birində qoruqda tapılmış əşyalardan ibarət muzey yaradılması nəzərdə tutulub.