Milli Qurtuluşçular ən çətin zamanlarını yaşayır ( 17 Feb 2009 saat 12:12:56 )
Vüqar Bəyturan:”Biz partiyamızın 1989-cu ildəki gücünü və təsirini geri qaytarmaq istəyirdik, bundan rahatsız oldular” Milli Qurtuluş Partiyasının lideri qərərgahsız və maddi dəstəksiz seçkilərə qatılmağın öncədən məğlubiyyətlə barışmaq olduğunu deyir Milli Qurtuluş Partiyası möhtəşəm tarixi ilə digərlərindən fərqlənir. Hələ sovet dönəmində əsası qoyulan bu qurumun banisi dissident, milli azadlıq hərəkatının nüvəsini təşkil edən “çənlibel” təşkilatının lideri, əslən Güney Azərbaycandan olan Hatəmi Tantəkin olub. Milli Azadlıq Hərəkatının ilkin dövrlərində öndə olan MQP sonradan kommunist nomenklaturanın və rus-sovet rejiminin birbaşa səyləri nəticəsində siyasi səhnədəki yerini daha liberal, təkamülçü və mötədil qüvvələrə verdi. 1989-1995-ci illərdə fəallığını qoruyan MQP sonrakı illərdə demək olar ki, passiv fəaliyyət formasına keçid etdi. Bununla belə nə partiya, nə də onun qurucusu milli maraqları hər şeydən üstün tutan mövqelərindən geri çəkilmədi və bir çox partiyalardan fərqli olaraq simasını itirmədi. 2008-ci ci il MQP üçün ilk baxışda çox düşərli oldu. May ayında MQP qurucusu ilə görüşən Türk Millətçi Partiyasının başqanı, “Bizim Azərbaycan”Blokunun sədri Vüqar Bəyturan Hatəmi Tantəkin tərəfindən verilən təklifi qəbul edərək tariximizdə mühüm rola malik bir partiyaya yeni nəfəs verilməsi prosesini başlatdı. İyun ayında TMP-dən istefa verərək MQP-yə daxil olan Vüqar Bəyturan MQP-nin Qurultay Səlahiyyətli İİİ Konfransına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri seçilir və 20 iyul tarixində sözügedən konfransda yekdilliklə MQP başqanlığına gətirilir. Konfransda keçmiş sədr partiyanın fəxri başqanı elan olunur və MQP-nin bu tarixdən başlayaraq fəaliyyətinin yeni səhifəsi açılır. İlin sonunda isə birdən-birə hər şey öz əvvəlki formasına qayıdır. 2008-ci ili uğurla yekunlaşdıra bilməyən partiya öz aktivliyinin pik zirvəsində ofis problemi ilə üzləşir və qərərgahsız qalan MQP-nin hal-hazırda fəaliyyətində passivlik hökm sürür. Baş verən hadisələrə aydınlıq gətirmək məqsədilə MQP başqanı, 6 partiyanı birləşdirən Millətçi Birliyin sədri Vüqar Bəyturana bir neçə sualla müraciət etdik. - Vüqar bəy, MQP başqanlığına gələndən sonra iddialı bəyənatlar verdiniz və 5 ay ərzindəki fəaliyyətiniz yeni qüvvə görmək istəyənlər üçün müəyyən ümidverici əsaslar yaratdı. İlin sonunda MQP-nin sizə qədər olan dövrünə qayıtma müşahidə olundu və yenidən passivlik hökm sürməyə başladı. Bu dəyişiklik nə ilə əlaqədardır? - Biz siyasi meydana qədəm qoyandan hansı sözü demişiksə, bir müddət sonra gerçəkləşib. ölkənin ən aparıcı gənclər təşkilatını qurmağa nail ola bildik, dedik ki, bu təşkilatı partiyaya çevirəcəyik, onu da etdik. 10 il radikal millətçi platformada olan Türk Millətçi Partiyasının milli ideologiyata sadiq qurum kimi qoruduq, sonra məramları arasında heç bir fərq olmayan və dövlət qeydiyyatında olan Milli Qurtuluş Partiyasına transfer etdik. TMP-ni qeydiyyat problemini həll edə bilməsək də, nəticədə türk millətçiliyinə dayanan MQP-yə sahib ola bildik. 2 il 8 partiyanı birləşdirən “Bizim Azərbaycan” Blokuna liderlik etdik və hal-hazırda ətrafımızda 6 partiyanın mövcud olduğu Millətçi Birlik var. Bunları ona görə ardıcıllıqla sadaladım ki, iddialı bəyənatlar verməklə yanaşı dediklərimizi gerçəkləşdirməyi də bacarırıq. Biz Hatəmi Tantəkinin xeyir-duasını alandan sonra 1ay ərzində MQP-nin Qurultay Səlahiyyətli İİİ Konfransını yüksək səviyyədə keçirə bildik və mən partiyanın rəhbəri seçiləndən sonra istər təşkilati, istərsə də gündəmə gəlmək istiqamətində uğurlar əldə etdik. Partiyamıza güclü axın var idi və Millətçi Birliyə 6 partiyadan əlavə daha 3 partiya ilə danışıqlara başlamışdıq. Mətbuatla işimizi qurmaq yönündə ilkin addımlar atılmışdı və öz saytımızı təsis etmişdik. Artıq bizim inkişaf həm hakimiyyətdəki, həm də müxalifətdəki milli düşüncə düçmənlərini narahat etməyə başlamışdı. Türk millətçilərinə dövlət qeydiyyatı, MQP-yə isə yeni nəfəs verilmişdi. Elə bu zaman maddi problemlər bizi daha möhkəm formada sıxmağa başladı və eyni zamanda Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi də adı müxalifət olub, hakimiyyətin satelliti kimi fəaliyyət göstərən partiyalara kirayə ofis sahəsi müəyyən etdiyi halda bizə mənfi cavab verdi. MQP məcburiyyət qarşısında öz hesabına müvəqqəti kirayə etdiyi ofisi tərk etməli oldu. Təbii ki, ofissiz fəaliyyət göstərmək çox çətindir və illərlə qurulmasına vaxt sərf etdiyimiz sistemimiz hal-hazırda işlək halda deyil. Qeyd etdiyiniz passivlik məhz bununla əlaqədardır. - Düşdüyünüz durumun və sizə qarşı olan qərəzli münasibətin kökləri barədə nə deyə bilərsiniz? - Hesab edirəm ki, ofissiz qalmağımızın səbəbini zəifliyimizdə axtarmaq lazım deyil. Əksinə, görünür ki, güclənməyimiz və inkişafımız bu məsələdə əsas rol oynayıb. Bu ölkədə hər şey nəzarət altında olduğu üçün kiminsə müstəqil gücə çevrilməsi mümkün deyil. Biz deyəsən, mümkün olmayanı arzulamışıq və ona görə də indiki duruma düşdük. Biz partiyamızın 1989-cu ildəki gücünü və təsirini geri qaytarmaq istəyirdik, bundan rahatsız oldular. Amma yenə də əmin olun ki, günəşin qarşısını buludların kəsməsi müvəqqəti haldır və çox davam edə bilməz. - Rəhbərlik etdiyiniz “Bizim Azərbaycan”Blokunun taleyi necə oldu? - 2006-2008-ci illərdə mən bu quruma rəhbərlik etdim. Bu blok Müsavat Partiyası və müttəfiqlərinin seçki bloku idi və 2005-ci ildə demək olar ki, buraxılmışdı. Biz və dostlarımız kimlərinsə taleyimizlə oynaması ilə barışmadıq. 2006-cı ilin avqustunda bloku yeni formatda bərpa etdik, mən bu qurumun sədri seçildim. İki il ərzində zəngin siyasi təcrübə qazanıldı, ölkənin siyasi həyatında aktiv iştirak etməyə çalışdıq. Son prezident seçkilərində blokun dazilində fikirlər haçalandı. Seçkidən sonra ideolojisi eyni olan qüvvələrin birliyini yaratmaq ideyası gündəmə gəldi və “Bizim Azərbaycan”Blokunu buraxaraq Millətçi Birlik təsis etdik. - Vüqar bəy, Konstitusiya dəyişikliklərinə münasibətinizi MQP-nin durumuna təsir edən amillərdən biri hesab etmək olarmı? - Konstitusiyaya dəyişiklik məsələsində mövqeyimiz başqa cür ola bilməzdi. Biz həmişə demokratik cəmiyyət uğrunda mübarizə aparmışıq və son dəyişikliklər demokratiyanın dəfn olunması deməkdir. Əslində biz 1993-cü ildən bu yana edilən dəyişikliklərin heç birini qəbul etməmişik. çünki bu dəyişikliklər mili iradəmizə qarşı olub. Naxşıvana dövlət statusu verilərək separatizm üçün zəmin yaradılıb, türk dilimiz qondarma Azərbaycan dili ilə əvəz edilib, siyasi inkişaf üçün zəruri olan proprsional seçki sistemi ləğv olunub, Milli Məclisin səlahiyyətləri məhdudlaşdırılıb və sair. İndi də dünyada biabır olmağımız üçün ciddi əsas yaradılır və monarxiya rəsmiləşdirilir. Bu bütün ölkəmiz üçün zərərlidir, ən çox isə prezidentin özünə ziyandır. MQP-nin dəyişikliklərin əleyhinə olması ilə qərərgahsız qalması arasında hər hansı əlaqənin olması barədə dəqiq bir şey söyləyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bu iki hadisə eyni vaxta təsadüf etdi və bu üst-üstə düşmənin təsadüf olmamasını düşünənlər də var. - Hal-hazırda MQP öz fəaliyyətini necə həyata keçirir? - Funksionerlərimiz mətbuatla əlaqələrimizi həyata keçirərək fikirlərimizi cəmiyyətə çatdırırlar. Siyasi Şuramızın iclaslarını mütəmadi şəkildə keçirmək imkanlarımız olmadığına görə mənim sərəncamımla Müvəqqəti İcraiyyə Komitəsi (MİK) yaradılıb. 6 partiyanın birləşdiyi Millətçi Birlik öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. MQP başqanı, MQP Mətbuat Xidməti, MİK öz fəaliyyətini davam etdirir, digər strukturlarımızsa müvəqqəti dondurulub. Onu deyə bilərəm ki, milli qurtuluşçular indi ən çətin zamanlarını yaşayır. - Vüqar bəy, qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Seçkilərdə iştirak edəcəksinizmi? - MQP seçkilər məsələsində vahid və dəyişilməz mövqeyə malikdir. Biz bütün səviyyələrdə seçkilərdə iştirak tərəfdarıyıq. Planımız var idi ki, 1000-dən çox namizədlə bələdiyyə seçkilərinə, 60-dan çox dairədə parlament seçkilərinə qatılaq. İndiki durumda bunu etmək çox çətin olacaq. Qərərgahsız və maddi dəstəksiz seçkilərə qatılmaq öncədən məğlubiyyətlə barışmaqdır. ümid edirəm ki, yaxın müddətdə problemlərimizi həll edib, normal siyasi fəaliyyətə qayıdacağıq. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsini məhkəməyə vermişik və sona qədər qərərgah əldə etmək üçün mübarizəmizi davam etdirəcəyik. Onu da qeyd edim ki, bütün variantlarda biz baykot yolunu tutmayacağıq. Bu bizim siyasi fəlsəfəmizin prinsiplərinə ziddir. - MQP-də birləşən və kənarda fəaliyyət göstərən türk millətçilərinə sözünüz? - Bu gün hamımız möhkəm olmalıyıq. Uca Tanrımız bu həyatda kiməsə funksiya, kimlərəsə də missiya həvalə edib. Bunu dəyişdirmək insan oğlunun işi deyil. Azərbaycan türk millətçiləri Böyük Azərbaycan qurmaq, Türk dünyasının birliyinə nail olmaq missiyasının daşıyıcılarıdırlar. Nə qədər çətin olsa da, biz bu missiyanın öhdəsindən gəlməliyik. Hər gecənin bir gündüzü, hər şərin qarşısına çıxacaq bir xeyir var. Əsas odur ki, millətimiz qarşısında üzümüz ağ, vicdanımız təmiz, yolumuz aydın, işimizsə uca millətimiz uğrunda mücadilə olsun. O zaman bizim qələbəmiz qaçılmazdır. Biz bilirik ki, yaşadığımız xəstə cəmiyyətin bir dərmanı var- o da türk millətçiliyidir! Tanrı türk millətçilərinə və bütün türk millətinə yar olsun. Tanrı Türkü Qorusun! Partiya ətrafında baş verənlərə aydınlıq gətirilməsi üçün Vüqar Bəyturanla müsahibə MQP Mətbuat Xidməti tərəfindən təqdim edilir
Bu xəbər 1135 dəfə oxunub. |