Naxçıvanda «Uşaq Filarmoniyası» yaradılacaq ( 18 Feb 2009 saat 10:19:42 )
Naxçıvan Muxtar Respublikasında (MR) uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin bazasında «Uşaq Filarmoniyası» yaradılacaq. Bu ildən filarmoniyanın yaradılması üçün hazırlıq işlərinə başlanılması nəzərdə tutulur. Yeni uşaq müəssisəsi 2009-cu ilin «Uşaq ili» çərçivəsində MR-də həyata keçiriləcək tədbirlər planına əsasən yaradılacaq. Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki, 2009-cu ilin «Uşaq ili» elan olunması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına əsasən cari il ərzində regionun ümumtəhsil məktəblərində təhsil alan istedadlı uşaqlar haqqında müvafiq məlumat bankı yaradılması nəzərdə tutulur. May ayında isə, «KİV-in uşaqların tərbiyəsinə təsiri» mövzusunda muxtar respublika konfransının keçirilməsi planlaşdırılır.
Tədbirlər planında həmçinin bu il Naxçıvan şəhərində Uşaq-Gənclər Yaradıcılıq sarayının, Şahmat Mərkəzinin, Naxçıvan MR Doğum Mərkəzinin istifadəyə veriləcəyi nəzərdə tutulur.