"Qadın, gözəllik və incəsənət" fotomüsabiqəsinə start verilib ( 18 Feb 2009 saat 10:25:26 )
Gənclər və İdman Nazirliyinin (GİN) və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə gənclər arasında 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş "Qadın, gözəllik və incəsənət" mövzusunda fotomüsabiqə başlayıb. GİN-in mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd 8 mart Beynəlxalq Qadınlar Gününün yaradıcı gənclər arasında qeyd olunması, onların qadına hörmət ruhunda tərbiyəsinin yüksəldilməsi, gənclər arasında foto sənətinə marağın artırılması, incəsənətin bu sahəsində yeni istedadların aşkar edilməsi, gənc fotoqrafların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasından ibarətdir. Müsabiqədə 14-29 yaşlı gənclər iştirak edə bilər. Fotoların qəbulu fevralın 25-dək davam edəcək. Müsabiqə qaliblərini GİN-in nəzdində yaradılmış münsiflər heyəti seçəcək. Qaliblər qiymətli hədiyyə və fəxri fərmanlarla təltif ediləcək. Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması martın 9-da keçiriləcək yekun sərgidə elan ediləcək. Müsabiqədə iştirak edən fotoşəkillər sərgiyə həsr olunmuş kataloqda nəşr ediləcək./