Fevralın 26-da ANS TV-nin efirində “Seçilən” filminin premyerası olacaq ( 18 Feb 2009 saat 15:49:11 )

Azərbaycanda ilk dəfə siyasi triller janrında lentə alınmış “Seçilən” filmi nəhayət ki, televiziya ekranlarına çıxmağa hazırlaşır. Fevralın 26-da saat 22:00-da ANS TV-nin efirində ssenari müəllifi və baş prodüsseri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev olan "Seçilən" filminin premyerası olacaq. Filmdə Dağlıq Qarabağ probleminin həqiqətləri, Ermənistanın terrorçu siyasəti əks olunub. "Seçilən" Ermənistan rəhbərliyi tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edir. "Seçilən"i müasir dövrdə lentə alınmış digər milli filmlərimizdən fərqləndirən effektli partlayış, döyüş, ölüm səhnələrinin təbii şəkildə tamaşaçıya təqdim edilməsidir. Seçilən İlham Əliyevi filmdə aktyor Qurban Səlimov, Serj Sarkisyanı Əlibaba Əsgərov, Robert Köçaryanı Nazir Rüstəmov, Zorik Babayanı Kazım Abdullayev ifa edib. Filmin premyerası noyabrın 24-də Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında olub. 93 dəqiqəlik kəskin süjetli film “Bakıfilm” kinostudiyasında istehsal edilib və onun ərsəyə gətirilməsi üçün külli miqdarda maliyyə vəsaiti xərclənib.
Bu xəbər 1424 dəfə oxunub. |