Türkiyə Təhsil Nazirliyi "Sarı Gəlin" sənədli filminin orta məktəb müəllimlərinə paylanmasını dayandırıb. ( 19 Feb 2009 saat 13:44:49 )
Türkiyə Təhsil Nazirliyi "Sarı Gəlin" sənədli filminin orta məktəb müəllimlərinə paylanmasını dayandırıb. Təhsil Nazirlyindən verilən yazılı açıqlamada, məktəblərə paylanan disklərin şagirdlər üçün deyil, müəllimlərin məlumatlandırılması üçün nəzərdə tutulduğu bildirilir. Türkiyə mətbuatının məlumatına görə, açıqlamada bildirilir ki, sənədli filmin uşaqlara nümayiş etdirilməsi Təhsil Nazirliyinin qərarı deyil. Buna baxmayaraq, bəzi məktəblərdə filmin başqa məqsədlər üçün nümayiş etdirildiyi məlum olub. Bu səbəbdən də Təhsil naziri Hüseyn çeliyin təlimatı ilə disklərin müəllimlərə paylanması dayandırılıb. Xatırladaq ki, Türkiyədə yaşayan bir qrup erməni baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayaraq, Təhsil Nazirliyinin əmri ilə məktəblərdə nümayiş olunan “Sarı gəlin” sənədli filminin erməni məktəblərində göstərilməməsini xahiş etmişdi. Qeyd edək ki, bir müddətdir Türkiyənin orta məktəblərində şagirdlərə “Sarı gəlin – erməni probleminin iç üzü” adlı sənədli film nümayiş olunurdu. Ermənilərin qondarma soyqırımı iddialarına qarşı türk tezisini müdafiə edən sənədli filmdə erməni silahlılarının 1915-ci ildə türklərin yaşadıqları kəndlərə hücum edərək burada yaşayan əhalini öldürməsi, insanlara işgəncə verməsi və kəndləri yandırmasından bəhs edilir. Sənədli film 25 iyun 2008-ci ildən etibarən erməni məktəblərinin də daxil olduğu bütün ölkə məktəblərində nümayiş olunub. ötən ay isə Təhsil Nazirliyi bütün məktəblərə bildiriş göndərərək, sənədli filmin məktəblərdə nümayişinə dair hesabat istəyib və bu sənədin fevralın 27-də iş gününün sonunadək Təhsil Nazirliyinə çatdırılmasını tələb edib.