“Əbu Bəkr” məscidinin fəaliyyətinə icazə verilməsi barədə apellyasiya şikayəti təmin edilməyib ( 19 Feb 2009 saat 14:42:08 )
Bakı Apellyasiya Məhkəməsi “Əbu Bəkr” məscidinin fəaliyyətinə icazə verilməsi barədə “Nərimanov rayon dindarları” Dini İcmasının apellyasiya şikayətini təmin etməyib. Məhkəmədən PRESSPOST-a verilən məlumata görə, hakim İlham Əsədovun sədrlik etdiyi məhkəmə Nərimanov rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin açılması tələbi ilə Nərimanov rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə iddianı təmin edərək məscidin fəaliyyətinin bərpası barədə qərar çıxarsa da, sonradan cavabdeh tərəfin şikayəti əsasında işə yenidən baxaraq iddianı rədd edib. Xatırladaq ki, 2008-ci il avqustun17- də, Əbu Bəkr məscidində naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində, iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli xəsarət yetirilib. Məscidin fəaliyyəti müvəqqəti dayandırılıb, terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.